Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb Ticarət dövriyyəsinin 6,5 mlrd. manatını ərzaq, 6,4 mlrd. manatını isə qeyri-ərzaq məhsulları təşkil edib
Biznes
14 İyun , 2017 17:45
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb
Report

Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,9% üstələyərək 12,9 mlrd. manata bərabər olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin 6,5 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib. Hesabat dövründə satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,8% və 2,9% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 18 %-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 %-i elektrik malları və mebellərin, 5%-i avtomobil yanacağının, 1,3 %-i əczaçılıq və tibbi malların, 0,7 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 %-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Cari ilin yanvar-may aylarında istehlak məhsullarının 11,5%-i ticarət müəssisələri, 53,6 %-i fərdi sahibkarlar tərəfindən, 34,9%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,3%, fərdi sahibkarlar üzrə 2,5%, bazar və yarmarkalar üzrə 0,1% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 266,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 37,2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 134,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Son xəbərlər

Orphus sistemi