Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət subyektlərində istehlakçılara 14,0 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5% çox əmtəə satılıb. Bu barədə
“Report” xəbər verir ki, satılmış istehlak mallarının 49,7%-i ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,3%-i qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,8 faiz bəndi artıb.
Cari ilin 7 ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 7,2 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 93,0%-i hüquqi şəxslər, 7,0%-i fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,6%-ni qeyri-ərzaq malları təşkil edib.
Bu ilin yanvar-iyul aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8% artaraq 561,7 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 240,4 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 321,3 mln. manat təşkil edib.