Azərbaycan MDB-nin Qazaxıstanda keçirilmiş vergi tədbirində təmsil olunub

Azərbaycan MDB-nin Qazaxıstanda keçirilmiş vergi tədbirində təmsil olunub Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Vergi (maliyyə) Təhqiqat Orqanları Rəhbərlərinin Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Biznes
2 Oktyabr , 2024 15:17
Azərbaycan MDB-nin Qazaxıstanda keçirilmiş vergi tədbirində təmsil olunub

Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Vergi (maliyyə) Təhqiqat Orqanları Rəhbərlərinin Koordinasiya Şurasının növbəti iclası keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, iclasa Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan və Ermənistan nümayəndələri qatılıblar. Tədbirdə Dövlət Vergi Xidmətini qurumun Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi Kənan Quliyev, rəis müavini Rövşən Abdullayev və baş təhqiqatçısı Cəmil Əliyev təmsil ediblər.

MDB baş katibinin müavini Nurlan Seyitimov iqtisadi təhlükəsizliyin təmin edilməsinə dair irəli sürülən təşəbbüslər, maliyyə sektorunda baş verən hüquqpozmalara və transmilli iqtisadi cinayətlərin təzahürlərinə operativ reaksiya verməyə imkan yaradan alətlərlə bağlı çıxış edib, bildirib ki, Koordinasiya Şurası milli vergi (maliyyə) təhqiqat orqanlarının səylərini birləşdirməklə yanaşı, iqtisadi sahədə mövcud əməliyyat vəziyyətini obyektiv qiymətləndirməyə, əməkdaşlığın hüquqi bazasını təkmilləşdirməyə, tərəfdaşlığın müasir formalarını tətbiq etməyə, beynəlxalq cinayətkarlığa qarşı birgə mübarizə aparmağa geniş imkanlar yaradır.

İclasda çıxış edən mütəxəssislər vergi (maliyyə) təhqiqat orqanları arasında əməkdaşlığın artırılmasının, analitik işin təkmilləşdirilməsinin, məlumat və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıblar. Tədbirdə iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində təhqiqat orqanlarının işi, maliyyə vəsaitlərinin qanunsuz dövriyyəsi, qeyri-qanuni mərc oyunları və vergi cinayətlərinə qarşı mübarizə məsələləri barədə fikir mübadiləsi aparılıb.

İclasda Azərbaycanın nümayəndə heyəti vergi hüquqpozmaları sahəsində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin gördüyü işlər və əldə edilmiş uğurlu nəticələr barədə iştirakçılara geniş məlumat verib, “Maliyyə orqanlarının əməkdaşlığı və birgə fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib.

Son xəbərlər

Orphus sistemi