Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 85,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsal dəyəri 2,7 dəfə artıb.
4 ay ərzində ölkədə 508 ədəd və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 ədəd və yaxud 24,4% az minik avtomobili istehsal olunub. Bunun 100 ədədi aprel ayının payına düşüb. Bununla belə, ay ərzində hazır məhsul ehtiyatı 121 ədəd və yaxud 45,3% azalaraq 146 ədədə düşüb.
Yanvar-apreldə Azərbaycanda həmçinin 162 ədəd və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,3% çox traktor istehsal edilib. Bunun isə 72 ədədi aprel ayının payına düşüb. Bununla belə, ay ərzində hazır məhsul ehtiyatı 15 ədəd və yaxud 16,9% azalaraq 74 ədədə düşüb. Başqa sözlə, Azərbaycanda istehsal olunan nəqliyyat vasitələrinin satışı sürətlənib.