Azərbaycanda investisiya mühiti: İmkanlar, nailiyyətlər, çatışmazlıqlar - EKSPERTLƏR

Azərbaycanda investisiya mühiti: İmkanlar, nailiyyətlər, çatışmazlıqlar - EKSPERTLƏR Hər bir ölkənin iqtisadi inkişafının təmini üçün ən vacib faktorlardan biri investisiya axınlarıdır. Azərbaycanda da son dövrlər biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində ciddi addımlar atılıb. Bu addımların nəticəsi kimi Azərbaycan iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb, “Doing Business 2020” hesabatında isə Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil edilibdir. İqtisadçıların fikrincə “Doing Business” hesabatı ölkəyə xarici investor cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizin apardığı islahatlara görə öndə olması xarici investorların diqqətini artıra bilər.
Biznes
1399
4 Fevral , 2020 14:54
Azərbaycanda investisiya mühiti: İmkanlar, nailiyyətlər, çatışmazlıqlar - EKSPERTLƏR

Hər bir ölkənin iqtisadi inkişafının təmini üçün ən vacib faktorlardan biri investisiya axınlarıdır. Azərbaycanda da son dövrlər biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində ciddi addımlar atılıb. Bu addımların nəticəsi kimi Azərbaycan iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb, “Doing Business 2020” hesabatında isə Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil edilibdir. İqtisadçıların fikrincə “Doing Business” hesabatı ölkəyə xarici investor cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizin apardığı islahatlara görə öndə olması xarici investorların diqqətini artıra bilər. 

Azərbaycanın “Qlobal Rəqabətlilik Hesabatı”nda irəliləməsi də mütəxəssislər tərəfindən ölkəyə xarici investisiyaların cəlb etmək istiqamətində aparılan islahatların nəticəsi olaraq böyük nailiyyət kimi qiymətləndirilir. Belə ki, Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlməklə, 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü yerdə, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə, “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşıb. “Qlobal Rəqabətlilik İndeksi” dünyada ölkələrin böhranlara dözümünü və digər ölkələrlə rəqabətlilikdə hansı çağırışlara cavab verə bilməsini göstərən mühüm göstəricidir. Bu göstərici ölkə iqtisadiyyatının sabitliyini, gələcəyə baxışını, tətbiq edilə biləcək yenilikləri, eyni zamanda inkişaf istiqamətlərini göstərir.

Bunun nəticəsi olaraq 2019-cu ildə ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə yatırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qeyd edib ki: "Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önəmli rol oynayır. Xüsusilə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır. Ona görə həm dövlət, həm yerli, həm də xarici şirkətlər ölkəmizə 13,5 milyard dollar həcmində vəsait qoyublar. Hesab edirəm ki, bu, çox yüksək nəticədir".

Prezident İlham Əliyev vurğulayıb ki, 2020-ci ildə və növbəti illərdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar ilə birgə yüksək əlavə dəyər yaradan emal sənayesinin sürətli inkişafını əsas hədəf olaraq müəyyən edilib: "Regionların spesifikası nəzərə alınmaqla, məhsul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərindən geniş istifadə ediləcəkdir".

"Report" investisiya mühitində son dövrlər baş verən müxtəlif yönümlü tendensiyaları əsas götürərək ölkənin investisiya potensialı və cəlbediciliyi, Azərbaycanın mövcud investisiya mühiti, bu sahədə prioritet hesab edilən məsələlər, nəaliyyətlər və çatışmazlıqlarla bağlı iqtisadçı ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı-ekspert Pərviz Heydərov bu barədə verdiyi açıqlamada bildirib ki, qeyri-neft sektoruna xarici investisiya axınını artırmaq üçün bu istiqamətdə güzəştlərin tətbiqi çox vacibdir:

“İnvestisiya mövzusu dünyada çox həssas hesab edilən bir mövzudur. Xüsusilə, Azərbaycan kimi inkişaf etmək yoluna qədəm qoymuş ölkələr investisiya cəlbediciliyini artırmağa daha çox can atırlar. Çünki investisiyasız inkişaf mümkün deyil.

Azərbaycanın bu günkü inkişaf səviyyəsinə gəlib çıxmağına səbəb məhz xarici investisiyalar olub. 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanmasaydı, yəni neft-qaz sektorumuza xarici investisiya axını üçün müvafiq şərait yaradılaraq qapılar açılmasaydı Azərbaycanın inkşaf səviyyəsi indikindən ən azı 10-15 il geridə qalmış olacaqdı. Bu gün bizim strateji valyuta ehtiyatlarımızın xarici dövlət borcumuzdan dəfələrlə yüksək olmasının, 2015-ci ilə qədər manatın məzənnəsinin dollardan yüksək mövqedə dayanmasının, hazırda da 1,7 səviyyəsində dayanıqlı vəziyyətdə qalmasının, Azərbaycanın özünün artıq investor ölkəyə çevrilərək Gürcüstana, Türkiyəyə, Rusiyaya və digər ölkələrə sərmayə yatırmasının səbəbi neft-qaz sektorunda investorlar üçün əlverişli şərait yaradılması olub. Son illərdə isə qarşımızda duran vəzifələrdən biri də odur ki, qeyri-neft sektoruna da xarici investisiyaların cəlb olunmasına şərait yaradaq. Amma burda incə bir məqam var. Xarici investor bir ölkəyə vəsait yatıranda onu maraqlandıran əsas məsələ daha tez gəlir götürmək olur. Ona görə də xarici investorlar ən çox xammal əldə olunan sahələrə meyl göstərirlər ki, maliyyə vəsaiti yatıraraq xammal əldə etsinlər və onun dərhal satışını həyata keçirsinlər. Onlar hansısa müəssisə yaratmağa, emal sahəsində infrastruktur qurmağa, birgə müəssisələr təşkil etməyə və məhsul istehsal edib yerli ölkənin adıyla daxili və ya xarici bazarda satmağa bir o qədər maraq göstərmirlər. Gərək ölkədə son dərəcədə əlverişli investisiya mühiti yaradılsın ki, xarici investor bu sahələrə də vəsait yatırsın.

Son illər Azərbaycanda dövlət səviyyəsində mövcud investisiya mühitinin daha da yaxşılaşdırılması üçün xeyli iş görülür. Xüsusən də qeyri-neft sektoruna xarici investorların cəlbi üçün vergi və digər sahələrdə yumşaltmalar edilməkdə, güzəştli xarakter daşıyan addımlar atılmaqdadır. Lakin statistika göstərir ki, Azərbaycanda xarici investisiyaların həcmi azalmaqdadır. Bunun səbəbi odur ki, artıq neft sektoruna kifayət qədər xarici investisiya yatırılıb, indi isə əsas məqsəd investisiya axınını qeyri-neft sektoruna yönəltməkdir. Hazırda ölkəyə yatırılan investisiyalar isə daha çox birbaşa dövlət investisiyaları və yerli sahibkarların maliyyə vəsaitləri hesabına edilən yatırımlardır. 

"Yaxşı olar ki, qeyri-neft sektoruna xarici investisiya axınının artırılması üçün daha çox güzəştlər edilsin"

Pərviz Heydərov

İqtisadçı ekspert

Yaxşı olar ki, qeyri-neft sektoruna xarici investisiya axınının artırılması üçün daha çox güzəştlər edilsin, hətta müəyyən bir müddət ərzində qeyri-neft sektoruna maliyyə yatıran xarici sahibkarlara vergi belə tətbiq edilməsin. Təxminən 3-5 il vaxt ərzində onlara tam azad fəaliyyət üçün şərait yaradılsın. Müxtəlif regionlarda azad iqtisadi zonalar yaradılsın. Elə bir şərait yaratmaq lazımdır ki, Azərbaycanda bazara girən sahibkar bilsin ki, 3 il ərzində ya vergidən tam azad olacaq, ya da minimal məbləğdə vergi ödəyəcək. Qoy o sahibkar burda müvafiq infrastrukturu qursun, gəlirini götürsün, sonra isə biz gəlir götürərik. Necə ki, əvvəllər neft müqavilələrinə əsasən neft gəlirlərinin 75%-ni xarici investorlar götürürdü, indi isə bu gəlirlərin 75%-i Azərbaycana, 25%-i isə xarici investorlara qalır. Bu cür mexanizm tətbiq etməklə qeyri-neft sektoruna da xarici investisiyaları artıra bilərik".

Qeyd edək ki, ötən ildə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5188,9 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4344,7 milyon manatı (83,7 faizi) Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran, Norveç və Fransa sərmayədarlarına məxsus olub.

Pərviz Heydərov fikirlərini davam edərək bildirib ki, investisiyalar birbaşa dövlət investisiyaları, yerli sahibkarların qoyduğu vəsait hesabına yaranan investisiyalar və bank sektorunun maliyyələşdirməsi ilə yaranan investisiyalar olmaqla bir neçə qrupa bölünür: "Azərbaycanın investisiya mühiti ilə bağlı əsas problemlərdən biri odur ki, bizdə bank sektoru real sektoru maliyyələşdirmir. Banklar əllərinə düşən pulu istehlak kreditlərinə verir. Çünki real sektorda gəlir əldə etmək tez mümkün olmur. Uzunmüddətli yatırım etmək üçün iqtisadi vəziyyətin sabit qalacağına, məsələn, manatın məzənnəsinin dəyişməyəcəyinə dair bank və ya sahibkarların əlində heç bir zəmanət yoxdur. Digər tərəfdən, bankların uzunmüddətli kredit vermək üçün vəsaiti yoxdur. Real sektoru maliyyələşdirmək üçün bankların kifayət qədər güclü maliyyə vəsaitlərinin olduğunu iddia etmək doğru olmaz. İstehlak kreditləri qısa müddətli olduğuna və dövriyyə sürətinin böyük olduğuna görə bank üçün daha sərfəlidir. Eyni zamanda, dünyanın hər yerində gəlir əldə etmək baxımından istehlak krediləri biznes kreditlərindən daha üstündür. Real sektor bank sektoru tərəfindən lazımı səviyyədə kreditləşmə ilə təmin olunmursa, ölkədə deməli iqtisadiyyat ac vəziyyətdədir. Bu çox ciddi məsələdir.

Bizdə Mərkəzi Bankın uçot dərəcəsi ümumi kreditlər üzrə bankların verdiyi faiz dərəcəsinə çox cüzi təsir göstərir. 2018 və 2019-cu illər ərzində Mərkəzi Bank uçot dərəcəsini 15%-dən 7,5%-ə endirdi, amma bankların kredit faizləri cəmi 5% aşağı düşdü. Bu onu göstərir ki, Mərkəzi banklarla digər banklar arasında birbaşa rabitə yoxdur. Biznes dairələri bahalı kreditləri götürə bilmir. Çünki istehsal təşkil edib, sahibkarlıq fəaliyyəti ilə gəlir əldə edərək bankın kreditini qaytarmaq riskli məsələdir. Üstəlik də bu kreditin faizi çox yüksək ola. Heç bir bankı məcbur etmək olmaz ki, sən pulu bu sahəyə deyil, o biri sahəyə ver. Bank uzunmüdətli biznes layihələrinə krediti çox böyük faizlərlə verir. Çünki bu layihələrdə risk böyükdür. Məsələn, kənd təsərrüfatı çox riskli sahədir. Bank onun verdiyi pulun geri götürüləcəyinə əmin olmalıdır. Bank sektorunun real sektoru maliyyələşdirməsinə nail olmaq üçün çıxış yolu odur ki, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi bütün bankların faiz dərəcələrinə birbaşa təsir eləsin. Bu da o vaxt mümkündür ki, bankların maliyyə vəsitlərində Mərkəzi Bankın resursları mühüm rol oynasın. Lakin hazırda belə deyil. Bankların maliyyə resurslarının əsas mənbəyi vətəndaşların əmanətləri və xarici maliyyə institutlarından aldıqları borc vəsaitləridir”.

Bankların real sektorda rolunun artırılması ilə bağlı ötən gün Bakıda keçirilən konfransda Prezident İlham Əliyev Mərkəzi Bank və aidiyyəti nazirliklərə, o cümlədən Nazirlər Kabinetinə müəyyən göstərişlər verib: "İqtisadiyyat artdıqca, iqtisadi vəziyyət yaxşılaşdıqca, uçot dərəcəsi də aşağı düşür. Bu il də aşağı düşübdür, təqribən 7 faizdən bir qədər çoxdur. Əlbəttə ki, özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar. Çünki Mərkəzi Bank tərəfindən artıq qərar qəbul edildi, keçən il və bu il uçot dərəcəsi müntəzəm olaraq aşağı düşür. Bu proses davam etdirilir".

Ölkə başçısı hesab edir ki, bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir: "Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcək. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim. Yenə də bu meyl görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır. Ona görə burada mən bir daha göstəriş verirəm, Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır".

"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Nəriman Yaqubov hesab edir ki, Azərbaycanda investisiya infrastrukturunun inkişafına ehtiyac var:

"Bir ölkədə investisiya mühitinin formalaşması üçün orada investisiya infrastrukturu olmalıdır." 

Nəriman Yaqubov

Директор департамента портфельного управления инвестиционной компании BTB Capital Нариман Ягубов

“Bir ölkədə investisiya mühitinin formalaşması üçün orada investisiya infrastrukturu olmalıdır. Azərbaycanda isə hazırda belə bir infrastruktur nisbətən zəifdir. Ölkəmizə xarici investorların gəlməsi üçün ilk növbədə Azərbaycanın beynəlxalq depozitari sistemlərinə, məsələn Euroclear və ya Clearstream inteqrasiyası əsas şərtlərdən biridir. Xarici investor güvənə bildiyi bir saxlanc yerində öz kağızlarını saxlaya bilməlidir. Hazırda biz beynəlxalq depozitarilərə inteqrasiya olmamışıq. Rusiya, Qazaxıstan, Ukrayna kimi dövlətlər bu sistemlərə inteqrasiya olduqlarına görə, bu ölkələrə xarici investorların gediş-gəlişi asanlaşıb.

Məsələnin digər tərəfi maliyyə savadlılığıdır. İnvestorların öz vəsaitlərini yönəltdikləri bir neçə maliyyə aləti var ki, bunlardan ən əsası bank depozitləridir. Buna alternativ olaraq isə səhm və ya istiqraz bazarında vəsait yerləşdirmək bir qədər çətindir. SOCAR istiqrazları emissiya edildikdən sonra istiqraz bazarı bir qədər canlandı. İnsanlar bununla istiqrazın nə olduğunu öyrəndilər. Digər tərəfdən, gəlirlər vaxtlı-vaxtında ödənildiyi üçün insanlarda istiqraza güvən yarandı. Eyni zamanda emitentlər də istiqraz vasitəsilə maliyyələşmənin nə olduğunu və sərfəli olduğunu başa düşdülər. Bununla belə, hələ də ölkədə maliyyə savadlılığının artırılması əsas şərtlərdən biridir.

Xarici investorun cəlb edilməsi üçün üçüncü vacib məsələ səhm bazarının formalaşmasıdır. Azərbaycanda səhm bazarı çox zəifdir. İndi ticarətdə bir neçə bank səhmi olmasına baxmayaraq sərbəst dövriyyədə olan (free float) səhmlərin sayı çox azdır və aktiv bazar yaratmır. Səhm bazarı aktivliyini təmin etmək üçün şirkət səhmlərinin heç olmasa 25-30% -i sərbəst ticarət olunmalıdır. Əgər bir şirkətin 100 milyon səhmi varsa onun heç olmasa 25-30 milyonu açıq bazarda ticarət olunmalıdır. Azərbaycanda isə hazırda belə bir müəssisə yoxdur. Səhm bazarını inkişaf etdirmək üçün aparıcı bir sıra şirkətlərin İPO-ya çıxarılması, onlara müxtəlif formalarda (vergi və ya digər) güzəştlər edilməsi təmin edilməlidir.

Dördüncü vacib məsələ qanunvericilik məsələsidir. Azərbaycan bazarı qanunvericilik baxımından beynəlxalq standartlara uyğunlaşdırılmaqla yanaşı bəzi tələblər maksimum sadələşdirilməlidir. Bizim bazar inkişaf mərhələsi baxımından Avropa və ABŞ bazarları ilə müqayisə edilə bilməz. Odur ki, qanunvericilikdə müəyyən reformaların edilməsi ölkənin beynəlxalq maliyyə bazarlarına integrasiyası baxımından müsbət nəticələr verə bilər.

Bank sektoruna gəlincə, bu sektorun transmissiya kanalları çox deyil. Bank sektorunun fəaliyyəti əsasən bazarı kreditləşdirməkdən ibarətdir. Kreditləşmə prosesi üçün isə müəssisələrin şəffaflığı önəmli faktordur. Bank biznes krediti verəndə müəssisəni mühasibatın ağ olmasını, hesabatlarını vaxtlı-vaxtında verməsini nəzərə alır. Odur ki, bazar şəffaflaşsa, müəssisələr öz hesabatlarını düzgün şəkildə təqdim etsələr, bankların riskləri və eyni zamanda kredit faizləri aşağı düşər. Bu da real sektorun banklar tərəfindən daha intensiv maliyyələşməsinə səbəb olar.

Maliyyə bazarlarından söhbət gedirsə, Azərbaycana xarici investisiya qoyuluşu baxımından ən fəal ölkələr Türkiyə, müəyyən qədər Gürcüstan, Rusiya və bir sıra Avropa ölkələridir. Amma infrastruktur zəif, maliyyə alətləri isə az olduğundan böyük xarici investorların bazara gəlməsi real görünmür. Ona görə də bazar bir qədər dərin olmalıdır. Maliyyə sistemimiz beynəlxalq maliyyə sisteminə inteqrasiya olmalıdır ki, xarici investorlar bura daha rahat investisiya etsinlər”.

Son xəbərlər

Orphus sistemi