Azərbaycanda hansı sahələrdə biznesə başlamaq sərfəli ola bilər?

Azərbaycanda hansı sahələrdə biznesə başlamaq sərfəli ola bilər? Pandemiyanın iqtisadi sektorları çətinliklər qarşısında qoyduğu dövrdə insanlar yeni biznesə başlamağı riskli hesab edirlər.
Biznes
916
4 Sentyabr , 2021 09:57
Azərbaycanda hansı sahələrdə biznesə başlamaq sərfəli ola bilər?

Pandemiyanın iqtisadi sektorları çətinliklər qarşısında qoyduğu dövrdə insanlar yeni biznesə başlamağı riskli hesab edirlər. Lakin müasir dövrün yaşam şərtləri sırasında biznes münasibətləri özünəməxsus yer tutur.

Bu gün Azərbaycanda hansı sahələrdə biznesə başlamaq sərfəli hesab olunur?

“Report” bu suala cavab olaraq iqtisadçıların fikirlərini öyrənib.

İqtisadçı ekspert Eldəniz Əmirov Ələt Azad İqtisadi Zonası və onun ətrafında fəaliyyət göstərəcək sahibkarların uğur qazanmaq üçün böyük imkanlarının olduğunu deyib:

"Uğur qazanmaq üçün ən yaxşı sahələrdən biri müəyyən mobil tətbiqlərin hazırlanmasıdır"

Eldəniz Əmirov

İqtisadçı-ekspert

“Hazırda Ələt Azad İqtisadı Zonasının yaradılması işləri gedir. Bu zona və ətrafındakı fəaliyyət göstərən sahibkarlar 3 yerə bölünür. Beynəlxalq istehsal şirkətləri, eləcə də xarici ixraca yönəlmiş, innovasiyalı məhsul və xidmətlər istehsal edən, yeni texnologiyalar tətbiq edən və bu sahədə yeni iş yerləri yaradan şirkətlərə güzəştlər ediləcək. Onları malla təhciz edən və xidmət gostərən digər şirkətlərə isə güzəştlər olunmayacaq. Onlardan bir qrupu zonanın daxilində yerləşərək xarici investorlar üçün müxtəlif xidmətlər göstərəcəklər. İkinci qrup sahibkarlar isə zonanın kənarında yerləşərək əsas investorları mallarla və digər vəsaitlərlə təmin edəcəklər. Hazırda bu iki istiqamətdə orda yer tuta bilən sahibkarların uğur qazanma şansı çox böyükdür”.

Ekspert digər sahələri də sadalayıb:

- Yeni texnologiyanın tətbiqi ilə yem istehsalı sahəsi

Bu sahə hazırda Avropada təcrübədən çıxıb və böyük uğur qazanıb. Kiçik bir qapalı sahədə böyük bir ərazidən daha artıq və heyvanları daha uzun müddətli yemləmək üçün yem tədarükü əldə etmək mümkündür.

- Ciddi düşünülmüş və zamanın tələbinə uyğun yaradılmış startaplar

Bu gün uğur qazanmaq üçün ən yaxşı sahələrdən biri müəyyən mobil tətbiqlərin hazırlanmasıdır. Məsələn belə bir ideya deyim. Bilirik ki, hazırda bütün valideynlərin şikayəti uşaqların mobil telefondan çox istifadəsi, fasiləsiz “oyunlar” oynamasıdır. Elə mobil tətbiq hazırlamaq olar ki, bu tətbiq vasitəsilə mobil telefonda və ya kompüterdə oyunların oynanılma zamanına valideynlər nəzarət etsin və limitlər qoysun. Bu tətbiq hazırlanarsa, böyük təlabatla qarşılanar.

- Turizm

Azərbaycanda turizm sahəsində olan xidmət boşluqlarından yararlanmaq olar. Məsələn, bu sahəyə yeni “Turizm Hekayələri” xidmətini əlavə etməklə böyük turist kütləsi və gəlir əldə etmək olar. Turizm hekayəsi nədir? Məsələn, işğaldan azad edilmiş ərazilərimizə turistləri cəlb etmək üçün o ərazilərdə qəhrəmanlıq göstərmiş qəhrəmanlarımızın xüsusi səhnə və tərtibatlarda canlandırmalar hesabına hekayələrini yaratmaq olar. Başqa bir misal, Şəkidəki “Gələsən Görəsən” qalasını, yaxud Bakıdakı “Qız Qalası”nı götürək. Orada hər bir qalanın adının yaranmasında dillər əzbəri olan hadisə baş verib. Bu, bir hekayədir. Bu hekayələr hansısa bir formada görüntülərinin yaradılması ilə turistlərə təqdim edilərsə, böyük effekt qazandıra bilər. Bura macara turizmini də əlavə etmək olar.

- Heyvandarlıq

İş düzgün təşkil edilərsə, heyvandarlıq sahələri hazırda Azərbaycanda kənd təsərrüfatı üzrə ən yaxşı sahələrdən biridir. Amma burda rentabelliyin təmin edilməsi üçün məhsulların fermadan birbaşa satışa deyil, ciddi emal proseslərinə cəlb edilməsini həyata keçirmək lazımdır. Bu sahənin keyfiyyətli emal məhsulları daha çox gəlir gətirmək potiensialına malikdir.

“Bir də xidmət sahələri var ki, onlar həmişə gəlir gətirə bilir. Amma bunun üçün işin və xidmətin təşkili rəqibləri üstələməlidir. Misal olaraq evlərdə gözəllik xidmətlərinin göstərilməsi sahəsini deyə bilərik”, - deyə ekspert əlavə edib.

Biznes sahəsi üzrə ekspert Rəcəb Mehdiyev isə pandemiya dövründə uğurlu ola biləcək yeni biznes forması təklif edib:

"Bəzi sistemləri mərkəzləşdirərək onlayn platforma yaratmaq olar"

Rəcəb Mehdiyev

Эксперт по бизнесу и информационным технологиям Раджаб Мехтиев

“Pandemiya dövründə onlayn satış daha da aktuallaşdı. Artıq camaat onlayn sifarişlər verməyə məcbur qaldı. Bəzi sistemləri mərkəzləşdirərək bir onlayn platforma yaratmaq olar. Məsələn, bir vətəndaş müəyyən ərazidə yaşayır və alacağı məhsulların qeydiyyatını aparır. Sizin yaratdığınız platformada axtarış verməklə o bu məhsulu ayrı-ayrı supermarketlərdən neçəyə ala biləcəyini öyrənə və bunun üçün yaxın ərazidə hansı supermarketin olduğunu görəcək. Hər marketdə məhsullar müxtəlif qiymətədir. Bu zaman platformada həm supermarketin, həm də həmin məhsulları satan şirkətin reklamı gedəcək. Bununla da platforma gəlir qazanacaq. Digər tərəfdən, platformada başqa reklamlar yerləşdiriləcək ki, bu da gəlir gətirəcək. Təbii ki, çatdırılma xidməti də olmalıdır. Bu xidmət ya platforma tərəfindən yaradılmalı, ya da supermarketin özündə olmalıdır”.

İqtisadçı ekspert Günay Hüseynova da uğur qazanmaq üçün müxtəlif biznes sahələrinin adlarını çəkib:

"Müasir dövrdə startap, texnologiya, xidmət sahələri, elektron ticarət, proqramlaşdırma, qida sahələri ilə bağlı bizneslər gəlirli biznes növləri arasında gəlir"

Günay Hüseynova

İqtisadçı ekspert

"Biznes növlərini gəlirliyinə görə böyük, kiçik və orta biznesə bölünür. Ən gəlirli biznes növü kiçik biznes hesab olunur. Zəruri ehtiyac mallarının payı əsasən bu biznes növündə olduğuna görə, sahibkarlar üçün bu növ daha gəlirli hesab olunur. Müasir dövrümüzdə startap, texnologiya, xidmət sahələri, elektron ticarət, proqramlaşdırma, qida sahələri ilə bağlı bizneslər gəlirli biznes növləri arasında gedir. Dünyada texnologiya inkişaf etdikcə bu sahələrə olan tələbat da artmaqdadır. Ötən əsrin 90-cı illəri ilə müqayisədə bu sahələrə tələbat olduqca artıb. Əvvəllər 1-2 telefon və ya elektron cihaz markası var idisə, artiq yuzlərlədir. Bu isə birbaşa tələbatla bağlıdır. Tələbə bağlı olaraq təklif də artır. Yeni texnologiyanin kəşfinə bağlı olaraq onunla əlaqədar yeni sahələr də meydana gəlir (məsələn, onların hər hansı bir ehtiyyat hissəsinin istehsalı)”.

Ekspert bu sıraya elektron ticarət, qida və müxtəlif xidmət sektorlarını da əlavə edib:

“İkinci biznes növü kimi elektron ticarəti deyə bilərik. Bu sahə son 5 ildə inkisaf etməyə başladı. Ölkəmizdə xüsusi ilə pandemiya dönəmində surətləndi. Bu sahə sahibkar üçün minimum xərc aparıb maksimum gəlir gətirən sahədir .

Xidmət sahəsi də gəlirli sahələrdən hesab olunur. Müasir dövrdə artıq inteqrallaşma, əksər sahələrdə elektronlasma getdiyi üçün həmçinin texnologiyanin inkisafına bağli olaraq bu sahə də inkisaf etməkdə və gəlirli bizneslər arasında yer tutmaqdadır .

Digər biznes sahəsi qida sektorudur ki, bu sahə də gəlirli biznes növləri arasında ilk sıradadır. İqtisadiyyatın mövcud olduğu dönəmdən bəri onun çöküşü, böhrana məruz qalması belə bu sahəyə tələbatı zəiflətməyib. İnsanlar gəlirlərinin böyük bir qismini qida sektoruna xərcləyir. Zəruri ehtiyac mallarının olmasına görə bu sahə gəlirli hesab olunur”.

Son xəbərlər

Orphus sistemi