Azərbaycanda daşınmaz əmlakın qiymətlərinə vasitəçilər təsir edə bilirmi?

Azərbaycanda daşınmaz əmlakın qiymətlərinə vasitəçilər təsir edə bilirmi? Azərbaycanda son illər daşınmaz əmlakın kəskin bahalaşdığı kimsəyə sirr deyil.
Biznes
27 May , 2024 14:09
Azərbaycanda daşınmaz əmlakın qiymətlərinə vasitəçilər təsir edə bilirmi?

Azərbaycanda son illər daşınmaz əmlakın kəskin bahalaşdığı kimsəyə sirr deyil.

Əmlak bazarı iştirakçıları qiymət artımını müxtəlif səbəblərlə, o cümlədən Rusiya-Ukrayna müharibəsi nəticəsində hər iki ölkədən Azərbaycana insan, həm də kapital axını ilə izah edirlər.

Bəs əmlakın qiymətlərinə vasitəçilər təsir edə bilirmi? Onların bu bazarda rolu hansı səviyyədədir? "Report" mövzunu əmlak bazarı ekspertləri ilə müzakirə edib.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc deyir ki, ölkənin əmlak bazarında işbaz riletorların rolu az deyil və onlar bu bazarı demək olar ki, idarə edirlər: "Kimsə mənzilini satışa çıxarmaq istəyirsə, ona qoyulan qiymətin bir hissəsi rieltorun qazancı olur. Son nəticədə bəzən eyni yerdə, eyni parametrlərə malik mənzillərin qiymətləri arasında kəskin fərq olur. Bu da rieltorun marjası ilə bağlıdır. Hansısa mənzilin baha təklif olunduğunu görən digər mülkiyyətçilər də qiymətləri artırır və bazarda bahalaşma baş verir. Halbuki, rieltorun işi yalnız mənzillərin alqı-satqına kömək etmək - vasitəçilik olmalıdır. Onlara qiymətləri süni şəkildə artırmağa imkan verilməməlidir".

Ekspert hesab edir ki, tədricən Azərbaycanda da həqiqi rieltor bazarı formalaşacaq: "Digər ölkələrdəki kimi, bu, sadəcə xidmət sahəsi olacaq. Yəni rieltorların rolu mənzilini satan və alan adamlar üçün doğru seçim etmək istiqamətində olacaq. Mülkiyyətçi evini ilk növbədə bazarın diqtə etdiyi qiymətə satmalıdır. Əgər bu istiqamətdə çətinlik çəkirsə, qiymətləndirmə şirkətlərinə ya daxud rieltorlara müraciət etməlidir ki, real qiymət müəyyən edilsin. Heç bir halda işbazlığa, qiymətin şişirdilməsinə yol vermək olmaz. Çünki bu ,təkcə bir mənzilin baha satılması deyil, eyni zamanda ondan sonra bazara təklif edəcək mənzillərin qiymətlərində süni artımın baş verməsi üçün bir əsasdır”.

Əmlak bazarı üzrə digər ekspert Ramil Qasımzadə isə bildirir ki, Azərbaycanda rieltorların daşınmaz əmlak bazarına təsirləri fərqli olur: “Rieltor xidmətini müxtəlif insanlar və şirkətlər göstərir. Onların arasında mülkiyyətçi ilə müqavilə bağlayıb işləyənlər də varr. Adətən sadə bir sistem olur. Mülkün qiymətinin 2-3%-i qədər satıcıdan, 1 %-i qədər alıcıdan xidmət haqqı alırlar. Bəziləri isə sadəcə mənzilin qiymətinin üzərinə öz qazancını gəlir, məsələn, 100 min manatlıq evi 120 min manata satır, əmlak sahibinə deyir ki, satışdan 10 min manat götürəcək. Yəni, ev sahibi ilə rieltor arasında belə sövdələşmələr olur. Təkcə, Azərbaycanda yox, digər ölkələrdə də belə olur. Hesab edirəm ki, standart sistemlə işləyən rieltorlar, yəni əmlak satışından faizini götürənlər bazarda qiymətlərə təsir etmir. Bazarı digər formada işləyən rieltorlar idarə edir. Onlar hətta hansısa mənzili ucuz alıb, baha satmağa da çalışır".

Əmlak bazarı üzrə başqa bir ekspert Elnur Fərzəliyev isə hesab edir ki, vasitəçilərin bazarda rolu nəzərəçarpacaq dərəcədə azalıb: "Əvvəllər əmlakların 70-80 %-ni rieltorlar satırdı. Hazırda bu pay xeyli azdır. Çünki, sosial şəbəkələrdən istifadə genişlənib, üstəlik daşınmaz əmlak bazarı ilə bağlı portallar var və əmlak sahibləri əksər hallarda bazara birbaşa, özü elan verərək çıxır. Əmlak alıcılarının da böyük hissəsi birbaşa satışı ilə iş görməyə üstünlük verir".

Bununla belə, onun sözlərinə görə, hazırda təkcə Bakı və Abşeronda 7 mindən çox rieltor fəaliyyət göstərir: "Onların da çox az hissəsi rəsmi formada işləyir, böyük hissəsi qeyri-rəsmi formada fəaliyyət göstərir. Rialtor fəaliyyəti ilə məşğul olan şəxslər mütləq şəkildə biznes qaydaları, reklam işi və daşınmaz əmlakla bağlı hüquqi nəzəriyyəni bilməlidirlər ki, həm satıcıların, həm də alıcıların hüquqlarını qoruya bilsinlər”.

Son xəbərlər

Orphus sistemi