İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
"Report" Agentliyə istinadən xəbər verir ki, bununla da şəhadətnamə almış KOB subyektlərinin sayı 49-a çatıb.
“Startap” şəhadətnaməsi "Glorri" MMC-nin işə götürmə prosesinin optimallaşdırılması üzrə onlayn HR platforması, "Mie Azerbaijan" MMC-nin “CLD” tədris texnologiyası əsasında təlim tədris xidmətləri, "Eduaz co." MMC-nin tələbə, təlimçi və şirkətlər üçün təhsil platforması, "Dronee Aero" MMC-nin “Simurq F” markası altında müxtəlif təyinatlı dronların istehsalı və satışı, "Alimok" MMC-nin uşaqların fərdi inkişaf və zehni biliklərini artırmaq üçün təhsil platforması, "Vvaverıty" MMC-nin neft-qaz sektorunda geoloji dataların emalı və vizualizasiyası üçün proqram təminatı və "Plast" MMC-nin tibb xidmətlərinin mobil tətbiq üzərindən sifarişi layihələri üçün təqdim edilib.
Şəhadətnamə KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.