Bu ilin yanvar-iyul aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 392 041 şəxs qəbul edilib və onlara 598 775 sayda xidmət göstərilib
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bunlardan 221 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 126 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.
Ümumi elektron xidmətlərin 89,4 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Vergi ödəyicilərinə arayışların verilməsi;
- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicilərinin fəaliyyətinin bərpası;
- Fiziki şəxslərin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 20 mindən çox sayda yazılı müraciət cavablandırılıb, 7 milyona yaxın sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Dövr ərzində 2 985 vergi ödəyicisinin iştirakı ilə 186 görüş keçirilib, 3 147 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 552 mindən çox SMS göndərilib.