Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışı 9 ilin minimumuna enib
- 16 fevral, 2024
- 08:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışı 9 ilin minimumuna düşüb.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 52 mənzil alıblar. Bu, 2023-ci ilin yanvar ayı ilə müqayisədə 13 mənzil və ya 20 % azdır.
Bu, son 9 ildə ilin ilk ayı üçün ən aşağı göstəricidir. Bununla da Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 8-ci yerdə qərarlaşıb.
Hesabat ilində ümumilikdə Türkiyədə xarici vətəndaşlara 2 073 mənzil satılıb. Bu isə son 1 ilin göstəricisi ilə müqayisədə 2 125 ədəd və ya 50,6 % azdır.
Ötən ay Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara yanvarda 555 mənzil satılıb. Növbəti yerdə İran vətəndaşları (208 mənzil) qərarlaşıb.
İlk 3-lüyü ilk dəfə olaraq Ukrayna qapadır. Belə ki, onlar 2015-ci ildən ilk üçlükdə olan İraq vətəndaşlarını qabaqlayıblar. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 127 mənzilə sahib olub.