Azərbaycan vətəndaşlarının bu il Türkiyədə aldıqları mənzillərin sayı açıqlanıb
- 17 oktyabr, 2024
- 08:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 604 mənzil alıblar, bunun da 87-sı sentyabrda olub.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 38 mənzil (5,9 %) azdır və 11 mənzil (11,2 %) çoxdur.
Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.
Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında Türkiyədə xarici vətəndaşlara 17 243 mənzil (il ərzində 11 039 ədəd və ya 39,04 % az) satılıb. Təkcə sentyabr ayında ölkədə 2 043 xarici vətəndaş (915 ədəd və ya 30,94 % az) mənzil sahibi olub.
Sentyabrda Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 346 mənzil (376 mənzil və ya 2,09 dəfə az) satılıb. Bu ilin 9 ayında isə rusiyalılar bu ölkədə 3 635 mənzil (5 048 ədəd və ya 2,39 dəfə az) alıblar.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. İranlılara 9 ay ərzində bu ölkədə 1 555 mənzil satılıb, onların 163-ü sentyabr ayında əldə edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 043 ədəd (2,32 dəfə) və 164 mənzil (2,01 dəfə) azdır.
İlk 3-lüyü isə Ukrayna qapadır. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 97 mənzilə (25 mənzil və ya 20,5 % az) sahib olub, yanvar-sentyabr aylarında isə 1 154 mənzil (187 ədəd və ya 13,95 % az) alıblar.