Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışını bir ildə 12 % artırıb
- 15 noyabr, 2021
- 13:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan vətəndaşları bu ilin yanvar-oktyabr aylarında Türkiyədə 1 140, təkcə oktyabr ayında isə 120 mənzil alıb.
"Report" qonşu ölkənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 11,8 % çox və 12,4 % azdır.
10 ay ərzində Türkiyədə xarici vətəndaşlara 43 911, ötən ay isə 6 963 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 38,1 % və 11,8 % çoxdur.
Oktyabrda Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 1 265, yanvar-oktyabr aylarında isə 7 188 mənzil satılıb.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 926, yanvar-oktyabr aylarında isə 6 547 mənzil alıb.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə oktyabrda 543, yanvar-oktyabr aylarında isə 3 658 mənzilə sahib olub.