Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 24 %-dən çox azaldıb
- 15 mart, 2023
- 11:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 138 mənzil alıblar.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 mənzil və yaxud 24,2 % azdır.
Təkcə fevral ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 73 mənzil alıb ki, bu da 1 il əvvələ nisbətən 20 mənzil və yaxud 21,5 % azdır.
Bu ilin iki ayında Türkiyədə xarici vətəndaşlara 7 584, ötən ay isə 3 386 mənzil satılıb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 14,5 % və 27 % çoxdur.
Hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara bu il 2 740, ötən ay isə 1 183 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 446, bu ilin 2 ayında isə 972 mənzil alıb.
İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə fevralda 173, 2023-cü ilin 2 ayında isə 402 mənzilə sahib olub.