Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 23 % azaldıb
- 15 sentyabr, 2022
- 07:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 873 mənzil alıblar.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 mənzil və ya 1,75 % çoxdur.
Təkcə avqust ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 106 mənzil alıb ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 32 mənzil və ya 23,2 % azdır.
Bu ilin 8 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 45 069, ötən ay isə 5 340 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 44,2 % çox və 9,98 % azdır.
Avqustda Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən ay 1 238, yanvar-avqust aylarında isə 8 1157 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 633, yanvar-avqust aylarında isə 5 948 mənzil alıb.
İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə iyulda 417, ilk 8 ay ərzində isə 4 822 mənzilə sahib olub.