Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 % azaldıb

Biznes
  • 15 dekabr, 2022
  • 10:15
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 191 mənzil alıblar.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 134 mənzil və yaxud 10,1 % azdır.

Təkcə noyabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 104 mənzil alıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 81 mənzil və yaxud 43,8 % azdır.

11 ay ərzində Türkiyədə xarici vətəndaşlara 61 741, ötən ay isə 6 133 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 20,2 % çox və 17,6 % azdır.

Noyabrda Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən ay 2 525, yanvar-noyabr aylarında isə 13 909 mənzil satılıb.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 510, yanvar-noyabr aylarında isə 7 548 mənzil alıb.

İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə noyabrda 331, 11 ay ərzində isə 5 896 mənzilə sahib olub.