Azərbaycan vətəndaşları noyabrda Türkiyədə mənzil alışını 14 %-ə yaxın artırıb
- 18 dekabr, 2024
- 09:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 756 mənzil alıblar, bunun da 74-i noyabrda olub.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24 mənzil (3,08 %) azdır və 9 mənzil (13,8 %) çoxdur.
Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 7-ci yerdə qərarlaşıb.
Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Türkiyədə xarici vətəndaşlara 21 538 mənzil (il ərzində 11 653 ədəd və ya 35,1 % azalıb) satılıb. Təkcə noyabr ayında ölkədə 2 163 xarici vətəndaş (194 ədəd və ya 8,2 % az) mənzil sahibi olub.
Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Bu ilin 11 ayında rusiyalılar bu ölkədə 4 429 mənzil (5 604 ədəd və ya 2,26 dəfə az) alıblar. Onlara ötən ay 421 mənzil (216 mənzil və ya 33,9 % az) satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. İranlılara 11 ay ərzində bu ölkədə 1 927 mənzil satılıb, onların 200-ü noyabr ayında əldə edilib. Bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2 140 ədəd və ya 2,1 dəfə azdır, 2023-cü ilin noyabr ayına nisbətən isə 34 mənzil və ya 14,5 % azdır.
İlk 3-lüyü isə Ukrayna qapadır. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 160 mənzilə (32 mənzil və ya 25 % az) sahib olub, yanvar-noyabr aylarında isə 1 450 mənzil (157 ədəd və ya 9,8 % az) alıblar.