“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyəti bütün ölkələr üçün əlverişli iqtisadi layihələrə fokuslanmaqdır”
“Report” xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər nazirinin müavini Vasil Bodnar Azərbaycana səfəri zamanı həmkarı Mahmud Məmməd-Quliyevlə görüşdə deyib.
Onun sözlərinə görə, əsas məqsəd biznes, IT-texnologiyaları və innovasiyalar üzrə bütün ölkələrin iqtisadi maraqlarını birləşdirəcək platformadır: “Ümumilikdə Ukrayna və Azərbaycanın QDİƏT-də və digər tərəfdaş-ölkələrdə qarşılıqlı əməkdaşlığı Qara dəniz regionu və dünyanın iqtisadi proseslərində inteqral iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni əlavə imkanlar yaratmalıdır.”
Tərəflər qeyd edib ki, birgə səylər sayəsində regionun bütün ölkələrinin işgüzar cəmiyyətinin tələbatının ödənilməsi məqsədilə özəl-dövlət tərəfdaşlıq proqramlarının həyata keçirilməsi yolu ilə QDİƏT fəaliyyətinin keyfiyyətini artırmaq lazımdır. Xüsusilə bu QDİƏT İşgüzar şurasının fəaliyyətinin restrukturizasiyası, startapların işə salınması, yüklərin daşınma prosedurunun təkmilləşdirilməsi, “elektron icazə” layihəsinin həyata keçirilməsi, eləcə də rəqəmsal dövlət xidmətlərinin sinxronizasiyası və BLOCKCHAIN texnologiyalarının tətbiqi ilə gömrük və sərhədyanı prosedurlarının uzlaşdırılmasına aid edilir.
Həmçinin biznes təkliflərinin həyata keçirilməsi, işgüzar onlayn-görüşlərinin və tematik biznes-forumlarının keçirilməsi məqsədilə elektron bazanın yaradılması üçün QDİƏT fəaliyyətini gücləndirmək vacibdir.
Görüşdə həmçinin GUAM fəaliyyəti çərçivəsində əldə edilmiş müsbət təcrübənin tətbiqinin, eləcə də tərəfdaş-ölkələrin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğu vurğulanıb.