Azərbaycan və Türkiyə gömrük sahəsində əməkdaşlıq barədə müzakirələr aparıb

Azərbaycan və Türkiyə gömrük sahəsində əməkdaşlıq barədə müzakirələr aparıb Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirilib
Biznes
104
14 Aprel , 2021 14:11
Azərbaycan və Türkiyə gömrük sahəsində əməkdaşlıq barədə müzakirələr aparıb
Səfər Mehdiyev

Bu gün Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə Türkiyənin Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin 4-cü iclası keçirilib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, iclasda qurumun sədri Səfər Mehdiyev, onun müavinləri və aidiyyəti qurumların rəhbərləri, Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclasdan əvvəl nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Eyni zamanda, nümayəndə heyəti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önünə əklil qoyub.

Daha sonra iclas baş tutub. S.Mehdiyev iki ölkə arasında bütün sahələrdə, ö cümlədən gömrük işinin təşkili istiqamətində uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərindən, səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edib. O, vurğulayıb ki, hər iki dövlət başçısı arasındakı mehriban dostluq və qardaşlıq münasibətləri aidiyyəti dövlət qurumları tərəfindən də uğurla davam etdirilməkdədir.

Komitə sədri 44 günlük Vətən müharibəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu dəstəyin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Gömrük işinin təşkili sahəsindəki əməkdaşlıqdan bəhs edən sədr iki ölkənin gömrük qurumları arasında indiyə qədər 8 sənəd imzalandığını, səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. S.Mehdiyev iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sərhədkeçmə prosesinin sadələşdirilməsi, məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar nəticəsində gömrük orqanları proqnozdan dəfələrlə artıq vəsaitin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib, qaçaqmalçılığın, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, şəffaflığın təmin olunması, xidmət səviyyəsinin yüksəldilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Komitə sədri gömrük sistemində həyata keçirilən innovativ layihələrdən, potensialın və infrastrukturun gücləndirilməsi sahəsində atılan addımlardan bəhs edib və yeniliklərin tətbiqi zamanı Türkiyə təcrübəsindən faydalanıldığını da diqqətə çatdırıb.

R.T.Turaqay çıxış edərək Azərbaycanda olmaqdan məmnunluq duyduğunu, özünü vətənində hiss etdiyini bildirib. Vətən müharibəsindəki qələbə münasibətilə təbriklərini çatdıran nazir müavini dövlətlərimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin tarixi ənənələrə söykəndiyini vurğulayıb və daha da güclənəcəyinə əminliyini ifadə edib. Nazir müavini ticarət dövriyyəsinin artırılması, gömrük-sərhəd buraxılış məntəqələrinin işinin səmərəli təşkili, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi ilə bağlı məsələlərdən bəhs edib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra iki dövlət qurumu arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı ilə bağlı müzakirələr aparılıb. Planda Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), risklərin idarə olunması, gömrük hüquqpozmalarına qarşı mübarizə sahələrində Türkiyə təcrübəsinin öyrənilməsi, əqli və sənaye mülkiyyət hüquqlarının qorunması, gömrük-sərhəd buraxılış məntəqələrində tətbiq edilən prosedur və əməliyyatların sadələşdirilməsi, digər sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Sonda sənəd imzalanıb. Onu S.Mehdiyev və R.T.Turaqay imzalayıblar.

Son xəbərlər

Orphus sistemi