Azərbaycan və Səudiyyə Ərəbistanı investisiya əməkdaşlığını müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı investisiya əməkdaşlığını müzakirə edib İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim ilə görüşüb.
Biznes
14 Aprel , 2022 15:50
Azərbaycan və Səudiyyə Ərəbistanı investisiya əməkdaşlığını müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim arasında onlayn görüş keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, azərbaycanlı nazir iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi, eləcə də qarşıdan gələn Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb, ölkəmizin Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına önəm verildiyini qeyd edib. O, vurğulayıb ki, iki ölkənin biznes dairələrinin işgüzar münasibətləri inkişaf edir, ticarət-investisiya əməkdaşlığı əlaqələrimizin əsas istiqamətlərindəndir.

Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirakının əhəmiyyətini diqqətə çatdıran M.Cabbaeov həmçinin, Azərbaycanda kənd təsərrüfatının prioritet sahələrinə investisiya qoyuluşu və birgə müəssisələrin yaradılması, məhsullarımızın Səudiyyə Ərəbistanına ixracı, KOB sahəsində qarşılıqlı təmasların artırılması, investisiya və biznes imkanları mövzusunda hər iki ölkədə tədbirlərin keçirilməsi və s. barədə fikirlərini bölüşüb.

F.Al-İbrahim ölkəsində Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəflər iqtisadi münasibətlərin təşviqi, ticarət əlaqələrimizin davamlı inkişafı, investisiya sahəsində yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi