Qətərə səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bir sıra görüşlər keçirib.
“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, Qətər Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Məhəmməd bin Əhməd bin Tvar ilə görüşdə potensial əməkdaşlıq imkanlarına, qarşılıqlı ticarət və biznes missiyalar təşkil etməklə sahibkarlar arasında əlaqələrin genişləndirilməsinə, KOB-ların ticarət əlaqələrinin inkişafı üçün yeni platformaların yaradılmasına dair fikir mübadiləsi aparılıb.
Qətər İnkişaf Bankının icraçı direktoru vəzifəsini icra edən Abdulrahman Hesam Əl Sovaidi ilə görüşdə isə KOBİA və bank arasında bu ilin iyun ayında Sankt-Peterburqda imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər və əməkdaşlıq imkanları müzakirə edilib.
Səfər çərçivəsində həmçinin, KOBİA nümayəndələri Qətərdə sahibkarlara dəstək məqsədilə yaradılmış biznes inkubatorun fəaliyyəti ilə tanış olublar.