Azərbaycan və Özbəkistan arasında risklərin idarə edilməsi, vergi inzibatçılığında informasiya sistemlərinin tətbiqi, zəruri məlumatların əldə olunması zamanı digər dövlət strukturlarının məlumat bazaları ilə inteqrasiya, əlavə dəyər vergisinin inzibatçılığı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu məsələlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli ilə ölkəmizdə səfərdə olan Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin sədrinin birinci müavini Mubin Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə həmçinin iki ölkə arasında vergi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
DVX rəisi Orxan Nəzərli ölkələrimizin bənzər iqtisadi çağırışlarla üz-üzə olduğunu qeyd edib və Azərbaycanın vergi sistemində aparılan işlər, həyata keçirilən yeniliklər barədə Özbəkistan nümayəndə heyətini məlumatlandırıb. Görüş zamanı biznesin vergi öhdəlikləri sahəsinə nəzarət mexanizmləri, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş vergi alətlərinin tətbiqi, yüksək vergi riski olan müəssisələrə tətbiq edilən vergi nəzarəti tədbirləri, vergidən yayınmanın ümumi sxemlərinin müəyyən olunması və aradan qaldırılması sahəsində təcrübə mübadiləsinin aparılması imkanları qeyd edilib.
Tərəflər xüsusi iqtisadi zonaların iştirakçıları üçün müəyyənləşdirilmiş vergi rejimləri və güzəştlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi inzibatçılığı, pərakəndə ticarət müəssisələrinin və xidmətlərin satışı üzrə dövriyyəyə vergi nəzarəti, banklarla məlumat mübadiləsi, nağd pulla həyata keçirilə bilən əməliyyatlar üzrə qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı milli təcrübələri müzakirə ediblər. Xüsusilə, “kölgə iqtisadiyyatı”na qarşı mübarizədə strukturlararası əməkdaşlıq məsələsi diqqət mərkəzində olub. Özbəkistan Respublikasının Dövlət Vergi Komitəsinin sədrinin birinci müavini Mubin Mirzəyev “kölgə iqtisadiyyatı” ilə bağlı məsələlərin vergi orqanları qarşısında duran prioritetlərdən olduğunu vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan “kölgə iqtisadiyatı”nın miqyasının azaldılması sahəsində son illər əhəmiyyətli nəticələr əldə edib. DVX rəisi Orxan Nəzərli bu sahədə aparılan işlər barədə geniş məlumat verib.
Görüşdə ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, məlumat və təcrübə mübadiləsi sahəsində əlaqələrin genişləndirilməsi qərara alınıb.