Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini dəyərləndirib
Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini dəyərləndiribAzərbaycan və Özbəkistan 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini də
Azərbaycan və Özbəkistan 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndirib.
“Report” xəbər verir ki, bunu Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayev ilə görüşən iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevi ölkəmizdə yenidən görmək xoş olub: “Dost ölkə ilə 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndirdik. Birgə reallaşdırılan layihələr regionda iqtisadi sabitliyə, xalqlarımızın rifahına, ölkələrimizin biznes subyektlərinin perspektivli ticarət platformalarına çıxışına, yeni iş yerlərinin yaranmasına və yerli infrastrukturun təkmilləşməsinə təkan verəcək”.
İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə iki ölkənin dövlət başçılarının siyasi iradəsi və birgə səylərinin ölkələr arasındakı strateji tərəfdaşlıq əlaqələrinin təməlini təşkil etdiyi bildirilib. Qeyd olunub ki, Özbəkistan - Azərbaycan əlaqələri çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Özbəkistanla, enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşımalar kimi sektorlarda geniş əməkdaşlıq gündəliyi üzrə işlər görülür. Sənayenin bir sıra istiqamətləri, eləcə də nəqliyyat-logistika üzrə işbirliyinin möhkəmləndirilməsi üçün münbit şərait var.
Görüşdə Azərbaycan və Özbəkistanda yüksək texnologiyalı məhsul istehsalının təşviqi, ticarət dövriyyəsinin artırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi kimi məqsədlərə yönəlmiş Azərbaycan - Özbəkistan İnvestisiya şirkətinin fəalliyyəti vurğulanıb.