Azərbaycan-Macarıstan Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş imzalanıb.
"Report" Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, saziş fevralın 16-17-də Budapeştdə keçirilən Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasında imzalanıb.
Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş ASK-nın və Macarıstan Ticarət və Sənaye Palatasının 2019-cu ildə iqtisadi və ticarət əməkdaşlığının inkişafı və şaxələndirilməsini təşviq etmək məqsədilə imzalanmış Anlaşma Memorandumunun davamı olaraq imzalanıb.
"Belə ki, saziş ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələri daha da genişləndirməyi hədəfləyir. Sazişə əsasən, tərəflər Şuranın məqsədləri və işçi qrupunun formalaşdırılması üzrə vəzifələri müəyyən edib. Şuranın yaradılmasında məqsəd isə Azərbaycan və Macarıstanda birgə investisiyaların təşviqi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrlə bağlı qarşıya çıxan məsələlərin həllinə nail olmaqdır", - məlumatda deyilir.
Birgə komissiyanın iclasında Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Jalə Hacıyeva iştirak edib.