İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının çoxşaxəli olduğunu qeyd edib, ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin və texnoloji yeniliklərin tətbiqi baxımından əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.
M. Cabbarov ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, struktur islahatları nəticəsində əldə edilmiş irəliləyişlər, vergi siyasəti və inzibatçılığı sahəsində reallaşdırılan islahatlar barədə məlumat verib.
A. Bordon Azərbaycanda aparılan iqtisadi islahatların bir çox beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan uğurları vurğulayıb, tərəfdaşlığa dair fikrilərini bölüşüb.
Tərəflər əməkdaşlığın istiqamətləri və gündəlikdəki məsələlər barədə müzakirə aparıblar.
Azərbaycan və Beynəlxalq Valyuta Fondu (IMF) arasında struktur islahatları nəticəsində əldə edilmiş irəliləyişlər müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
"IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətilə görüşdə qurumla əməkdaşlığın istiqamətləri və gündəlikdəki məsələlər barədə müzakirələr apardıq. Bunlar ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, struktur islahatları nəticəsində əldə edilmiş irəliləyişlər, vergi siyasəti və inzibatçılığı sahəsində islahatlardır", - deyə o qeyd edib.