Azərbaycan və Gürcüstanın qadın sahibkarları arasında əməkdaşlıq qurulacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Qadın Sahibkarları Şurasının sədri Natia Meparişvili bildirib.
Onun sözlərinə görə, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçriləcək layihənin tərəfdaşı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasıdır.
N.Meparişvili deyib ki, il ərzində Gürcüstan və Azərbaycanda treninqlər təşkil olunacaq: “Qrant layihəsi iki ölkədə paralel olaraq reallaşdırılacaq. Hər iki tərəfdən benefisiarların sayı təqribən eynidir. Müxtəlif komponentləri əhatə edən layihənin əsas mahiyyəti biznesdə gender bərabərliyi və təcrübə sayəsində müxtəlif bacarıqların təkmilləşdirilməsindən ibarətdir”.
Şura sədri qeyd edib ki, treninqlərin son mərhələsində iki ölkə nümayəndələrinin iştirakı ilə forum keçiriləcək: “Bu tədbir azərbaycanlı və gürcü qadın sahibkarları bir-biri ilə yaxınlaşdıracaq. Növbəti mərhələdə potensial tərəfdaşlığa başlanılacaq”.