Azərbaycan və Almaniya qarşılıqlı sərmayələrin təşviqini müzakirə edib

Azərbaycan və Almaniya qarşılıqlı sərmayələrin təşviqini müzakirə edib Azərbaycan Almaniyanın biznes nümayəndələri ilə qarşılıqlı sərmayələrin təşviqini müzakirə edib.
Biznes
4 aprel 2025 13:49
Azərbaycan və Almaniya qarşılıqlı sərmayələrin təşviqini müzakirə edib

Azərbaycan Almaniyanın biznes nümayəndələri ilə qarşılıqlı sərmayələrin təşviqini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Almaniyanın biznes nümayəndələri ilə görüşmək xoş oldu: “Azərbaycanın səmərəli biznes mühiti və xarici investisiyalı müəssisələrin fəaliyyəti üçün mövcud imkanlar, enerji sahəsində planlaşdırılan layihələr, qarşılıqlı sərmayələrin təşviqi və potensial birgə layihələr barədə fikirlərimizi bölüşdük”.

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə beynəlxalq tərəfdaşların Azərbaycanda fəaliyyəti üçün əlverişli investisiya mühiti barədə məlumat verilib. Vurğulanıb ki, həyata keçirilən davamlı iqtisadi islahatların nəticəsində qeyri-neft iqtisadiyyatı və ixracı ildən-ilə artır. Ölkəmizin makroiqtisadi sabitliyi və insan kapitalının inkişafı Azərbaycanın iqtisadi imkanlarını daha da genişləndirir.

Qeyd edilib ki, Alman şirkətləri ilə əməkdaşlığımızın uğurlu təcrübəsi iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafına stimul verir. Həmçinin Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələr barədə danışılıb, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlıq vurğulanıb.

Orphus sistemi