Azərbaycan üç Orta Asiya respublikasına şəkər ixracını bərpa edib

Biznes
  • 07 dekabr, 2021
  • 07:11
Azərbaycan üç Orta Asiya respublikasına şəkər ixracını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 26,057 milyon ABŞ dolları dəyərində 49 min 625,06 ton şəkər tədarük edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə şəkər ixracı müvafiq olaraq 2,1 dəfə və 69,5 % artıb.

Bu məhsulun cəmi ixracının 76 %-i Türkmənistanın payına düşüb. Bu Orta Asiya respublikasına 19,782 milyon ABŞ dolları dəyərində 37 min 450,95 ton şəkər göndərilib ki, bu da 2020-ci ilin yanvar-sentyabr aylarının göstəricilərindən müvafiq olaraq 2,5 dəfə və 90,2 % çoxdur. Türkmənistanın ötənilki şəkər ixracımızdakı payı 63,6 %, 2019-cu ildəki - 59,93 %, 2018-ci ildəki – 81,79 %, 2017-ci ildəki – 79,97 % olub.

Hesabat dövründə Qırğızıstana 3,489 milyon ABŞ dolları dəyərində 6 min 828,3 ton, Tacikistana 1,499 milyon ABŞ dolları dəyərində 3 min 456 ton, Rusiyaya 671,27 min ABŞ dolları dəyərində 727,07 ton, Özbəkistana 256,61 min ABŞ dolları dəyərində 512 ton, İraqa 256,43 min ABŞ dolları dəyərində 533,57 ton, Gürcüstana 70,67 min ABŞ dolları dəyərində 82,15 ton, Qazaxıstana 21,87 min ABŞ dolları dəyərində 24,6 ton, qalan 6 ölkəyə toplam dəyəri 10,35 min ABŞ dolları dəyərində 10,42 ton məhsul tədarük olunub.

Rusiyaya ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,13 %, Qazaxıstana – 96,5 % artıb, İraqa – 56,8 %, Gürcüstana – 91,95 % azalıb. Birillik aradan sonra Tacikistan və Özbəkistana, ikillik fasilənin ardından isə Qırğızıstana şəkər tədarükü bərpa olunub. 2019-cu ilin ilk 9 ayının nəticələri ilə müqayisədə Özbəkistana şəkər ixracı dəyər ifadəsində – 63 %, Tacikistana – 8 dəfə, 2018-ci ilin - Qırğızıstana tədarük 3,6 dəfə artıb.

2021-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 7,804 milyon ABŞ dolları dəyərində 14 min 636,27 ton şəkər idxal edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 83,03 %, kəmiyyət olaraq – 88,85 % azalıb.

Hesabat dövründə Türkiyədən 4,089 milyon ABŞ dolları dəyərində 8 min 000,39 ton, Rusiyadan 2,621 milyon ABŞ dolları dəyərində 4 min 883,15 ton, Ukraynadan 613,02 min ABŞ dolları dəyərində 1 min 095,04 ton, Belarusdan 425 min ABŞ dolları dəyərində 627,16 ton, qalan 15 ölkədən 56,78 min ABŞ dolları dəyərində 30,53 ton məhsul alınıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə Türkiyədən idxal dəyər ifadəsində 60,27 dəfə, Ukraynadan – 13,68 dəfə, Belarusdan – 3,61 dəfə artıb, Rusiyadan – 17,4 dəfə azalıb. Azərbaycan bu vaxta kimi ənənəvi olaraq şəkəri ən çox Ukrayna və Rusiyadan tədarük edib. 2021-ci ilin ilk doqquz ayında Türkiyyədən 2011-2020-ci illərdə idxal etdiyimizin 10 qatı həcmində şəkər alınıb.