Azərbaycan üç ölkəyə pestisid ixrac etməyə başlayıb

Biznes
  • 12 mart, 2024
  • 08:16
Azərbaycan üç ölkəyə pestisid ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycana 60,2 milyon ABŞ dolları dəyərində 8 min 233 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 19,2 % çoxdur.

Azərbaycan Türkiyədən 29,75 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 4 min 539 ton (+22 %), Çindən 7,5 milyon ABŞ dolları dəyərində (+85 %) 995 ton (+86 %), Rusiyadan 5,2 milyon ABŞ dolları dəyərində (+4,6 %) 810 ton (+39 %), Almaniyadan 3,9 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 335 ton (+13 %), Fransadan 2,45 milyon ABŞ dolları dəyərində (-39 %) 120 ton (-48 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 373 min ABŞ dolları dəyərində (+7,8 dəfə) 62,64 ton (+10 dəfə) pestisid ixrac edib.

Azərbaycan Türkiyəyə 164,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,4 dəfə çoxdur) 23,2 ton (+3,8 dəfə), Böyük Britaniyaya 95,3 min ABŞ dolları dəyərində 24,95 ton, Qırğızıstana 71,85 min ABŞ dolları dəyərində 6,1 ton, Özbəkistana 25,8 min ABŞ dolları dəyərində 4 ton, Rusiyaya 15 min ABŞ dolları dəyərində 4,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Böyük Britaniyaya, Qırğızıstana və Özbəkistana tədarük həyata keçirilib.