Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 10 %-ə yaxın artırıb
- 09 avqust, 2025
- 10:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 1 milyard 354,431 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,5 % çoxdur.
7 ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 5,9 % artaraq 135 milyard 526,190 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 11,505 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 9,8 % çox), Böyük Britaniya 7,987 milyard ABŞ dolları (12,2 % çox), ABŞ 7,542 milyard ABŞ dolları (1,6 % az) və İtalya 7,346 milyard ABŞ dolları (7,4 % çox) həyata keçirib.
Təkcə iyulda isə Türkiyədən Azərbaycana 208,484 milyon ABŞ dollar dəyərində mal ixrac edilib ki, bu da illik müqayisədə 13,8 % çoxdur.
Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1 %-i qədər olub.