İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.
"Report" bu barədə İİTKM-ə istinadən xəbər verir.
Məlumata görə, V.Qasımlı səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, Azərbaycandakı fəaliyyətinin iki qardaş ölkə arasında ikitərəfli əlaqələri daha da genişləndirəcəyinə əminliyini bildirib. O, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi misilsiz dəstəyə görə qardaş Türkiyə dövlətinə və xalqına minnətdarlığını ifadə edib. Görüşdə Strateji Yol Xəritələrinin həyata keçirilməsi, yeni sosial-iqtisadi inkişaf strategiyası, işğaldan azad edilmiş ərazilərin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramının və Rəqəmsal Transformasiya Konsepsiyasının hazırlanması, eləcə də dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi sahəsində İİTKM-in fəaliyyəti barədə məlumat verilib.
V.Qasımlı beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, İİTKM-in layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və Bir Pəncərə İxraca Dəstək Mərkəzi barədə məlumat verib, türk dünyasının iqtisadi-ticari və nəqliyyat-logistika sahəsində əməkdaşlığı məsələləri müzakirə olunub.
C.Bağcı iki qardaş ölkə arasında strateji əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və hər iki ölkə arasında əlaqələrin daha da sürətləndirilməsində yeni imzalanan Şuşa və Bakı Bəyannamələrinin əhəmiyyətini vurğulayıb. Azərbaycanda "ASAN Xidmət" və "DOST" mərkəzləri kimi sosial innovasiyaları yüksək qiymətləndirən səfir sahibkarlığın inkişafına dəstək sahəsində göstərilən xidmətlərdən məmnunuluğunu da ifadə edib, bu sahədə Türkiyənin müvafiq qurumlarla qarşılıqlı əməkdaşlığa dəstək verməkdə maraqlı olduqlarını bildirib. Görüşdə türk dünyasının beyin mərkəzləri arasında əlaqələrin qurulması məsələləri də müzakirə edilib.