Azərbaycan Transsərhəd kağızsız ticarətə hazırlıq üzrə regionda lider ölkədir.
“Report” xəbər verir ki, bu barədə İİTKM-in icraçı direktoru, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Azərbaycan üzrə milli koordinatoru Vüsal Qasımlı məlumat verib.
UNESCAP-ın “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsi açıqlanıb. V.Qasımlının məlumatına əsasən Azərbaycan 2019-cu il ilə müqayisədə 5 % artım nümayiş etdirərək ümumilikdə 86,02 % ilə həm qonşu ölkələr (Rusiya 84,95, Gürcüstan 82,8, İran 77,42, Ermənistan 62,37, Türkiyə 86,02), həm də MDB ölkələri ilə müqayisədə 1-ci yerdə qərarlaşıb. Onu da qeyd etmək lazımdır ki, bütün dünya üzrə ortalama göstərici 64,95 %, inkişaf etmiş ölkələr üzrə isə 81,86 %-dir.
Sorğunun alt indikatorları üzrə nəticələrə görə, şəffaflıq - 100 %, rəsmi qaydalar - 91,67 %, institusional tənzimləmə və əməkdaşlıq - 88,89 %, kağızsız ticarət – 85,19 %, sərhədlərarası kağızsız ticarət - 66,67 %-dir.
BMT-nin beynəlxalq ekspert qrupu tərəfindən qiymətləndirilən bu göstəricilər üzrə 2019-cu il ilə müqayisədə bu il şəffaflıq indikatoru üzrə 7 %, sərhədlərarası kağızsız ticarət indikatoru üzrə isə 33 % artıma nail olunub.
Ümumilikdə, Azərbaycanın nəticələrinin 2015-ci ildən bu günə dinamikasına nəzər yetirdikdə artım tempinin də dayanıqlı olduğunu xüsusilə qeyd etmək lazımdır.
Ölkə rəhbərliyinin bu sahədə apardığı geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, eyni zamanda, Azərbaycanın 20 fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması qlobal müstəvidə də ölkənin bu sahədə mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verib.