Azərbaycan son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirib

Azərbaycan son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirib Bakı. 11 dekabr. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı vasitəsi ilə Rusiyaya 60 ton qoyun yunu ixrac olunub.
Biznes
268
11 Dekabr , 2018 12:11
Azərbaycan son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirib

Bakı. 11 dekabr. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalı vasitəsi ilə Rusiyaya 60 ton qoyun yunu ixrac olunub. 

"Report"un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, ixracı Zaqatala sakini sahibkar Əlihüseyn Şirinli həyata keçirib. 

Qeyd edək ki. rəsmi rəqəmlər göstərir ki, son 10 ildə Azərbaycandan Rusiyaya yun ixrac edilməyib.

l qrup əlil olan Ə.Şirinli ona uğur qazandıran "Azexport.az" portalı ilə əməkdaşlığı cari ilin avqust ayında başlayıb. Bu müddət ərzində ona potensial sifarişlər barədə məlumat, ixrac bazarında mövcud texniki baryerlər və Azərbaycanda bütün ixrac prosedurları ilə bağlı məlumat verilib. İlk partiya məhsulunu Rusiyaya göndərən Ə.Şirinli portalla əməkdaşlığını davam etdirəcəyini və ixracın həcmini daha da artıracağını bildirib. Onun sözlərinə görə, ixracdan əldə etdiyi gəlir ilə mövcud istehsal sahəsini genişləndirəcək və yeni iş yerləri yaradacaq.

Qeyd edək ki, son illər Azərbaycan Respublikasında yun istehsalı artsa da onun ixracı ilə bağlı müəyyən problemlər qalmaqdadır. "Azexport.az" portalı isə bu ixrac prosesi ilə ölkəmizdən qoyun yunu ixracının həm həcminin artmasına, həm də ixrac coğrafiyasının genişlənməsinə töhfə verir.

"Azexport" portalının rəhbəri Zaur Qardaşov da əlavə edir ki, ixraca və ümumilikdə biznesə ölkəmizdə yaradılan şərait hər kəsə yüksək gəlir mənbəyi təmin etməyə imkan verir: "İstək, niyyət və işgüzarlıq varsa, hər kəs özünə yüksək gəlir mənbəyi təmin edə bilər, hətta fiziki məhdudiyyətli insanlar da. Yəni, Azexport portalı hər kəs üçün bərabər imkanlar yaradır. Bundan başqa, Azexport bir rəqəmsal platforma olaraq, sahibkarlara xarici bazara çıxmaqla yanaşı onlara ixrac icazələrinin alınması, logistika, marketinq və digər məsələlərdə dəstək olur. İri biznesin bazara çıxması elə də çətin deyil, əsas kiçik və orta sahibkarların xarici bazara çıxışını təmin etməkdir ki, bu məsələ bu gün "Azexport"un fəaliyyətinin əsas istiqamətlərindən biridir".

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az" portalı Azərbaycan Prezidentinin 2016-cı il 21 sentyabr tarixli “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması” haqqında sərəncamına əsasən yaradılıb. Portal sahibkarlara ölkədə istehsal olunan malların beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını təqdim edir.

Son xəbərlər

Orphus sistemi