Bakı. 9 may. REPORT.AZ/ Gürcüstan hökuməti Tbilisi şəhərində tullantıların emalı zavodunun inşası və idarə olunmasına xarici sərmayədarların cəlb edilməsi ilə bağlı müraciətlərin qəbuluna başlayıb.
"Report"un verdiyi xəbərə görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında dərc olunan məlumatda bildirilir ki, əməkdaşlıqda maraqlı olan işgüzar dairələr artıq müraciət edə bilərlər.
Həmçinin Azpromo-nun yaydığı digər məlumata əsasən, Macarsıtanın "Axim" şirkəti əməkdaşlıq təklif edir. Belə ki, Macarıstanın "Axim" ixrac, bankçılıq, sığorta şirkəti Macarıstandan əlverişli ixrac kreditləri təklif edir. Bundan başqa, Belarus hökuməti Brest vilayətində fəaliyyət göstərən dövlətə məxsus “Brestskoye pivo” ASC-nin səhmlərinin satışı üzrə investorlar arasında müsabiqə elan edib. Səhmlərin ilkin qiyməti 11,3 mln. dollar təşkil edir. Bildirək ki, təkliflərlə maraqlanan şəxslər Azpromo ilə əlaqə saxlaya bilərlər.