Azərbaycan şirkəti Avropanın daha 5 ölkəsinə sürtkü yağları ixracına başlayıb

Biznes
  • 22 aprel, 2022
  • 09:32
Azərbaycan şirkəti Avropanın daha 5 ölkəsinə sürtkü yağları ixracına başlayıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC Avropa ölkələrinə - Almaniya, İtaliya, İngiltərə, Rumıniya və Bolqarıstana - sürtkü yağları və radiator mayesinin ixracına başlayıb.

Bu barədə “Report”a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, şirkət tərəfindən bu ölkələrə ilkin mərhələdə 2 min tondan çox məhsul göndərilib və növbəti mərhələdə bunun 10 min tona çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “Alco” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə 100-dək işçi çalışır. Müəssisə fəaliyyətə başlayandan 2021-ci ilin sonunadək 36 min tondan çox məhsul istehsal edilib ki, bunun da 6 min tonu daxili bazarda satılıb, 30 min tonu isə ixrac edilib. İstehsal olunan məhsullar əsasən, Türkiyə, Gürcüstan, Ukrayna, İraq, Livan, Polşa, Moldova, Türkmənistan və başqa ölkələrə ixrac edilir.