Azərbaycan şərabları Düsseldorf sərgisində nümayiş olunub

Azərbaycan şərabları Düsseldorf sərgisində nümayiş olunub Sözügedən sərgidə müsabiqə əsasında seçilən 9 Azərbaycan şirkəti iştirak edib
Biznes
28 Mart , 2017 16:05
Azərbaycan şərabları Düsseldorf sərgisində nümayiş olunub

Bakı. 28 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə Azərbaycan şərabları və spirtli içkiləri ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Düsseldorfda (Almaniya) keçirilən “Prowein” sərgisində nümayiş olunub.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, 130 ölkədən 60 minə yaxın ziyarətçinin iştirak etdiyi “Prowein”də Azərbaycan məhsulları böyük maraqla qarşılanıb. “Prowein”nin internet kanalında Azərbaycan stendinə və şərab məhsullarımıza dair xüsusi buraxılış yayımlanıb.

“Made in Azerbaijan” vahid ölkə stendini ziyarət edənlərə Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsulları barədə məlumat verilib, Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən videoçarx nümayiş olunub, ölkə haqqında müxtəlif çap materialları paylanıb.

Sərgi çərçivəsində Litvada şərab məhsullarının distributorluğu ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb və Litvada satışı həyata keçiriləcək.

Qeyd edək ki, “Prowein” sərgisində müsabiqə əsasında seçilən 9 Azərbaycan şirkəti iştirak edib. Nazirliyin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə hazırlanan "Made in Azerbaijan" vahid ölkə stendinin təşkili xərcləri ölkə başçısının fərmanına uyğun olaraq dövlət tərəfindən qarşılanıb.

Son xəbərlər

Orphus sistemi