Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi dəyişib, sədr qərardan narazıdır
- 19 iyul, 2024
- 16:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbədənkənar konfransında Ramil Osmanlı təşkilatın yeni sədri seçilib.
"Report" xəbər verir ki, bu barədə R.Osmanlı "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
Eyni zamanda yeni tərkibdə, Ramil Osmanlı, Nüsrət İbrahimov, Rəşad Əliyev, Elnur Əsədov, Zamin Hüseynov, Nahid Həsənov, Ayan Qəmbərova, Pərviz Qulami, Xaliq Qurbanov, Səidə Şabanova, Şükür Hüseynov, Elçin Mahmudov və Fərid Hüseynov olmaqla, 13 nəfərdən ibarət İdarə Heyəti, Elnur Azadov, Günay İsmayılqızı, Vəfa Quliyeva, Emin Mədətov və Vasif Məmmədli olmaqla, 5 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.
"Təşkilat üzvlərinin əksər çoxluğunun iştirakı baş tutan növbədənkənar konfransda Cəmiyyətin İdarə Heyətinin üzvlərinin və digər təşkilatlar üzvləri fikirlərini bildirərək, son iki ildə təşkilatın fəaliyyəti, müsbət və mənfi nəticələr, mövcud problemləri müzakirə edib, nöqsanları səsləndiriblər. Lakin Cəmiyyətin bu günə qədər sədri olan Vüqar Oruc konfransda iştirakdan imtina etdiyi üçün səsləndirilən nöqsanlara, iradlara cavab almaq mümkün olmayıb", - R.Osmanlı bildirib.
Vüqar Orucun səlahiyyətlərinin 2025-ci ilin may ayında bitməsi nəzərdə tutulurdu.
O "Report"a bildirib ki, son qərarı Ədliyyə Nazirliyi verəcək: "Bizim qərarvermə səlahiyyətimiz yoxdur, konfransın nəticələri Ədliyyə Nazirliyinə təqdim olunacaq. AQC-nin İdarə Heyətinin yeni tərkibinin Ədliyyə Nazirliyi tərəfindən təsdiq edildiyi halda fəaliyyətinə başlaya bilər, əks halda Cəmiyyət indiki tərkibdə öz işinə davam edəcək. Bugünkü konfrans, mənimlə yanaşı əksər şirkətlərin iştirakı olmadan keçirilib".