Azərbaycan Qırğızıstan və Avstraliyadan vafli tədarük etməyə başlayıb
- 15 yanvar, 2024
- 11:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 14,9 milyon ABŞ dolları dəyərində 4 min 647 ton vafli və vafli həbləri idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 53 % çoxdur) 1 min ton (+26 %), Rusiyadan 4 milyon ABŞ dolları dəyərində (-10 %) 2 min ton (-9 %), Bolqarıstandan 1,5 milyon ABŞ dolları dəyərində (+63 %) 357 ton (+35 %), Almaniyadan 1,4 milyon ABŞ dolları dəyərində (+5,6 dəfə) 282 ton (+5,4 dəfə), Ukraynadan 1,33 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 434 ton (+2,4 dəfə) məhsul alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliya (10,8 min ABŞ dolları dəyərində 1,57 ton) və Qırğızıstandan (19 min ABŞ dolları dəyərində 6,53 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (25 ölkədən) idxal edilən 4 min 714 ton vaflinin 52 %-i Rusiyanın, 23,2 %-i Türkiyənin, 7,4 %-i Bolqarıstanın, 4,6 %-i Ukraynanın, 3,7 %-i Almaniyanın payına düşüb.