Azərbaycan Özbəkistandan dondurulmuş meyvə idxalını bərpa edib

Biznes
  • 29 mart, 2024
  • 07:36
Azərbaycan Özbəkistandan dondurulmuş meyvə idxalını bərpa edib

Ötən il Azərbaycana 366 min ABŞ dolları dəyərində 136 ton dondurulmuş meyvə (çiyələk və bağ çiyələyi, moruq, böyürtkən, tut giləmeyvəsi və ya çəkil, loqanov giləmeyvəsi, qara, ağ və ya qırmızı qarağat və firəng üzümü, digər) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 50 % azdır.

Hesabat dövründə Azərbaycan Polşadan 208,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 84 ton (-18 %), Rusiyadan 40 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 14 ton (+7 dəfə), Belçikadan 31 min ABŞ dolları dəyərində (-18 %) 9 ton (+3 %), Çindən 30 min ABŞ dolları dəyərində (-94 %) 14 ton (-89 %), Türkiyədən 20 min ABŞ dolları dəyərində (-58 %) 8,25 ton (-19 %) məhsul alıb.

Azərbaycan 2 il 1 ayın tamamında Özbəkistandan (10,2 min ABŞ dolları dəyərində 0,4 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 276 ton dondurulmuş meyvənin 47 %-i Çinin, 37,5 %-i Polşanın payına düşüb.