Azərbaycan Misirdən lobya tədarük etməyə başlayıb
- 13 noyabr, 2023
- 09:15
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 961 ton lobya (qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 23 % azdır.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 998,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % azdır) 750 ton (-29 %), Qırğızıstandan 81,3 min ABŞ dolları dəyərində (-11,5 %) 44,7 ton (-17 %), Misirdən 54,8 min ABŞ dolları dəyərində 35 ton, Myanmadan 52 min ABŞ dolları dəyərində 48 ton (2 il 8 aydan sonra tədarük bərpa edilib), Braziliyadan 49,2 min ABŞ dolları dəyərində (-7,2 %) 45 ton (dəyişməyib) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 3 min ton lobyanın 91,6 %-i Özbəkistanın, 3,2 %-i Qırğızıstanın payına düşüb.