Azərbaycan Kanadaya qurudulmuş meyvə ixracını bərpa edib

Biznes
  • 07 yanvar, 2025
  • 13:04
Azərbaycan Kanadaya qurudulmuş meyvə ixracını bərpa edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 3,5 milyon ABŞ dolları dəyərində 1 min 90 ton qurudulmuş meyvə (üzümdən başqa) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 % az, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 2,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % azdır) 899 ton (+3,8 %), Türkiyəyə 425 min ABŞ dolları dəyərində (+21 dəfə) 103 ton (+26 dəfə), Ukraynaya 270,5 min ABŞ dolları dəyərində 50 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyaya 166 min ABŞ dolları dəyərində (-70 %) 18 ton (-69 %), Litvaya 101 min ABŞ dolları dəyərində 12,2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Azərbaycan 2 il 10 aylıq fasilənin ardından Kanadaya (5,4 min ABŞ dolları dəyərində 0,4 ton) qurudulmuş meyvə tədarükünü bərpa edib.