Azərbaycan İstanbulda "İş dünyası - 100 ilin zirvəsi” adlı biznes forum-sərgi keçirib

Azərbaycan İstanbulda "İş dünyası - 100 ilin zirvəsi” adlı biznes forum-sərgi keçirib Türkiyənin İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgi keçirilib.
Biznes
13 İyul , 2023 15:48
Azərbaycan İstanbulda İş dünyası - 100 ilin zirvəsi” adlı biznes forum-sərgi keçirib

Türkiyənin İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgi keçirilib.

“Report” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tviter hesabında bildirib.

"Azərbaycan və Türkiyə biznes ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinə, əməkdaşlıq və investisiya imkanlarına dair fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.

***

KOBİA-nın bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, tədbir Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) tərəfdaşlığı, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və “MÜSİAD Azərbaycan”ın təşkilatçılığı ilə keçirilib, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Biznes-forumun məqsədi Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi, mövcud investisiya imkanlarının təqdim edilməsidir.

Panel müzakirələr formatında təşkil olunan tədbirdə MÜSİAD-ın sədri Mahmut Asmalı, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədri Hasan Basri Kurt, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın, “MÜSİAD Azərbaycan”ın sədri Rəşad Cabirli və “PWN İstanbul” təşkilatının nümayəndəsi Aylin Olsun Azərbaycan-Türkiyə iqtisadi-ticarət əlaqələri, əməkdaşlıq perspektivləri, potensial investisiya imkanları barədə çıxış ediblər.

Sonra iştirakçılar tədbir çərçivəsində təşkil olunmuş sərgi ilə tanış olub. Sabah başa çatacaq sərgidə kənd təsərrüfatı, İKT, tikinti və inşaat, xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Son xəbərlər

Orphus sistemi