İsrail şirkətlərini Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələrində iştiraka çağırırıq.
"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda "Kənd təsərrüfatı və təhsil" mövzusunda keçirilən Azərbaycan -İsrail İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə innovativ texnologiyaların tətbiqi əsas prioritetlərdəndir.
Nazir müavini qeyd edib ki, Azərbaycanda xarici investisiyaların cəlbi üçün münbit biznes mühiti yaradıb: "Buna görə də, Azərbaycan hökuməti bu istiqamətdə müxtəlif alətlər tətbiq edir, ən yaxşı təcrübələri istifadə edir. Buna görə də İqtisadiyyat Nazirliyi olaraq biznesmenlər üçün lazımlı məlumatı verməyə hazırıq".
S. Məmmədov deyib ki, Azərbaycanla İsrail arasında mövcud olan ticarət dövriyyəsini artırmaq üçün potensial genişdir: "Dövlət olaraq biz bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq".
Nazir müavini əlavə edib ki, Azərbaycanla İsrail innovasiyalar sahəsində əməkdaşlıq edir və bu əməkdaşlıq təqdirə layiqdir: "44 günlük Vətən müharibəsində ölkəmiz öz ərazilərini azad edib. İlk növbədə İsrail hökumətinə bizə göstərdiyi siyasi dəstəyinə görə minnətdarıq".