Azərbaycan İspaniyaya qeyri-neft ixracını artırmağı planlaşdırır

Azərbaycan İspaniyaya qeyri-neft ixracını artırmağı planlaşdırır Azərbaycanla İspaniya arasında qeyri-neft ixracının artırılması və investisiya layihələrində iştirakla bağlı perspektivlər müzakirə edilib.
Biznes
23 Aprel , 2024 17:54
Azərbaycan İspaniyaya qeyri-neft ixracını artırmağı planlaşdırır

Azərbaycanla İspaniya arasında qeyri-neft ixracının artırılması və investisiya layihələrində iştirakla bağlı perspektivlər müzakirə edilib.

“Report” xəbər verir ki, bununla bağlı müzakirələr İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev ilə İspaniya İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin Beynəlxalq Ticarət və İnvestisiyalar İdarəsinin baş direktoru Alisiya Varela arasında aparılıb.

A.Varela ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu və təmsil etdiyi qurumun bu istiqamətdə lazımi dəstəyin göstərməsinə hazır olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycanın müsbət biznes mühiti və geniş investisiya potensialı ispan şirkətlərinə ölkədə birgə müəssisələr yaratmağa əlverişli şərait təklif edir və bu da öz növbəsində inkişaf edən ticarət əlaqələrinin dəstəklənməsində önəmli rol oynaya bilər.

Görüşdə həmçinin ikitərəfli münasibətlərin intensivləşdirilməsi üçün Azərbaycanda İspaniya səfirliyinin açılmasının vacibliyi vurğulanıb.

Bununla yanaşı, İspaniya şirkətlərinin beynəlmiləlləşdirilməsi istiqamətində fəaliyyət göstərən əsas qurum sayılan ICEX İctimai Təşkilatı ilə görüşdə AZPROMO-nun icraçı direktoru İspaniyaya işgüzar səfərin əsas məqsədləri – ispan şirkətləri ilə investisiya tərəfdaşlığının qurulması və ixrac imkanlarının araşdırılması haqqında danışıb. Bildirilib ki, ispan şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan layihələrə cəlb olunması üçün prioritet sektorların müəyyənləşdirilməsi vacibdir. Görüşdə bu xüsusda qurumlar arasında məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

ICEX İctimai Təşkilatının baş direktoru Elisa Karbonel iki ölkənin sahibkarları arasında şəbəkələşmənin gücləndirilməsi və əlaqələndirmə işlərində dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, infrastruktur, nəqliyyat, “smart” yaşayış məntəqələri və şəhərlər, enerji və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən qabaqcıl ispan şirkətlərinin Azərbaycanda investisiya layihələrində iştirak etməsi üçün geniş perspektivləri var.

Son xəbərlər

Orphus sistemi