Azərbaycan İndoneziyadan tərəvəz toxumu idxalını bərpa edib

Biznes
  • 19 dekabr, 2023
  • 14:00
Azərbaycan İndoneziyadan tərəvəz toxumu idxalını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 11,3 milyon ABŞ dolları dəyərində 38,2 ton tərəvəz toxumu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13,2 % çoxdur, kəmiyyət olaraq – 50 % azdır.

Hesabat dövründə Azərbaycan Braziliyadan 1,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çoxdur) 0,4 ton (+6 dəfə), Türkiyədən 1,2 milyon ABŞ dolları dəyərində (+31 %) 24,3 ton (+46 %), Fransadan 1,2 milyon ABŞ dolları dəyərində (-4,7 %) 3,4 ton (-69 %), Qvatemaladan 1,2 milyon ABŞ dolları dəyərində (+26 %) 0,02 ton (dəyişməyib), Tailanddan 1,15 milyon ABŞ dolları dəyərində (-8 %) 0,1 ton (-69 %) məhsul alıb.

Azərbaycan 3 il 8 aylıq fasilənin ardından İndoneziyadan (1 min ABŞ dolları dəyərində 0,01 ton) tərəvəz toxumunun tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (37 ölkədən) idxal edilmiş 12,3 milyon ABŞ dolları dəyərində tərəvəz toxumunun 13,8 %-i Tailandın, 11,1 %-i Türkiyənin, 11 %-i Fransanın, 10,9 %-i Braziliyanın, 10,5 %-i Perunun payına düşüb.