Azərbaycan iki ölkədən krevet tədarükünü bərpa edib
- 29 mart, 2024
- 08:50
2023-cü ildə Azərbaycan 2,3 milyon ABŞ dolları dəyərində 352 ton dəniz kreveti idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 3 % azdır, kəmiyyət olaraq – 8,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çoxdur) 216 ton (+42 %), Hindistandan 732 min ABŞ dolları dəyərində (+30 %) 96,4 ton (+37 %), Vyetnamdan 195,5 min ABŞ dolları dəyərində (+34 %) 14,6 ton (+7 %), Lüksemburqdan 74,5 min ABŞ dolları dəyərində (-32 %) 4,5 ton (-32 %), Rusiyadan 35 min ABŞ dolları dəyərində (-61 %) 8,64 ton (-52 %) krevet alıb.
Azərbaycan 5 il 7 aylıq fasilənin ardından Belçikadan (34,7 min ABŞ dolları dəyərində 2,5 ton) və Amerika Birləşmiş Ştatlarından (0,2 min ABŞ dolları dəyərində 0,01 ton) krevet tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana 22 ölkədən idxal edilmiş 325 ton krevetin 46,8 %-i Çinin, 21,5 %-i Hindistanın, 8,3 %-i Qrenlandiyanın payına düşüb.