Azərbaycan ICPEN Məsləhət Qrupuna üzv seçilib
- 25 iyul, 2023
- 08:45
Azərbaycan İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Məsləhət Qrupuna üzv seçilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, 2023-2024-cü illərdə fəaliyyət göstərəcək ICPEN Məsləhət Qrupuna hazırda Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisi sədrlik edir.
Məsləhət Qrupuna üzvlük Azərbaycanın Şəbəkəyə üzv ölkələrlə müvafiq sahədə əməkdaşlığının gücləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və effektiv tətbiqi istiqamətində aparılan işlərə töhfə verəcək.
Təşkilata üzvlük çərçivəsində Dövlət Xidməti İCPEN-in Məsləhət Qrupunun bu günlərdə baş tutan ilk iclasında iştirak edib.
İclasda istehlakçı hüquqlarının müdafiəsi sahəsində əsas prinsiplər, tətbiq edilən mühafizə metodları, üzv dövlətlərlə əməkdaşlıq sahələri və qarşıda duran məsələlər müzakirə edilib.
Məsləhət Qrupunda Azərbaycanla yanaşı, ABŞ, Kanada, Kolumbiya, Peru, Portuqaliya, Böyük Britaniya, Almaniya, İrlandiya, Latviya, Niderland, Belçika, Norveç, Türkiyə, Avstraliya, Yeni Zelandiya, Zimbabve və Esvatini də var. Azərbaycan 2006-cı ildən ICPEN-ə üzvdür və təşkilatda İqtisadiyyat Nazirliyi ilə təmsil olunur.