Azərbaycan I yarımildə 61 milyon dollarlıq Gürcüstan məhsulu tədarük edib

Biznes
  • 19 iyul, 2022
  • 07:18
Azərbaycan I yarımildə 61 milyon dollarlıq Gürcüstan məhsulu tədarük edib

Bu ilin I yarısında Azərbaycanın Gürcüstandan idxal etdiyi yerli istehsal məhsullarının dəyəri 61 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə Azərbaycanın qonşu ölkədən yerli məhsul tədarükü 35,7 % artıb.

Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,2 % payla qonşu ölkənin yerli ixrac üzrə əsas tərəfdaşlarının ilk onluğunda VIII yerdə qərarlaşıb.

Yanvar-iyunda Gürcüstandan ümumilikdə dəyəri 2 milyard 558,7 milyon ABŞ dolları olan yerli məhsul ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 35,6 % çoxdur.

Hesabat dövründə qonşu ölkədən ən çox ixrac olunmuş yerli məhsulların siyahısına mis filizləri və konsentratları, ferroərintilər, mineral gübrələr, təzə üzüm şərabı, elektrik enerjisi, təbii, mineral və qazlı sular, qızıl, qiymətli metal filizləri və konsentratları, trikotaj köynəklər və fındıq daxil olub.