Azərbaycan Gürcüstanın ən çox maşın və nəqliyyat avadanlığı satdığı üç ölkədən biridir
- 21 fevral, 2024
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 23,6 milyon ABŞ dolları dəyərində maşın və nəqliyyat avadanlığı ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstərici ilə müqayisədə 32 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın maşın və nəqliyyat avadanlığı ixrac etdiyi 47 ölkə arasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 133,5 milyon ABŞ dolları dəyərində maşın və nəqliyyat avadanlığı satıb ki, bu da bir il əvvəlki göstəricidən 14 % azdır.
Ötən ay Gürcüstandan Qırğızıstana 45,5 milyon ABŞ dolları, Qazaxıstana 34,1 milyon ABŞ dolları, Ermənistana 14,8 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərinə 2,41 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,5 milyard ABŞ dolları dəyərində maşın və nəqliyyat avadanlığı ixrac edib ki, bunun da 522 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.