Azərbaycan Gürcüstandan avtomobillərin ehtiyat hissələrinin idxalına çəkdiyi xərci 51 % azaldıb
- 22 iyun, 2024
- 09:32
Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycana 1,12 milyon ABŞ dolları dəyərində 37,4 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq 51 % azdır.
Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 5,2 milyon ABŞ dolları dəyərində 284 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 4 % çox və 19 % azdır. O cümlədən Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə 1,164 min ABŞ dolları dəyərində 118 ton, Cənubi Koreyaya 661,1 min ABŞ dolları dəyərində 10,61 ton, Ermənistana 621,37 min ABŞ dolları dəyərində 62,76 ton, Türkiyəyə 558 min ABŞ dolları dəyərində 15 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 13,8 milyon ABŞ dolları dəyərində 802 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 3,2 milyon ABŞ dolları dəyərində 135 tonu Azərbaycanın payına düşüb.