Azərbaycan Gürcüstandan avtomobil tədarükünə çəkdiyi xərci kəskin artırıb

Biznes
  • 20 noyabr, 2023
  • 07:41
Azərbaycan Gürcüstandan avtomobil tədarükünə çəkdiyi xərci kəskin artırıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 372 milyon ABŞ dolları dəyərində 19 min 820 ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 52 % çoxdur, kəmiyyət olaraq – 21 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,762 milyard ABŞ dolları dəyərində 89 min 102 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 2,7 dəfə və 38,5 % çoxdur. O cümlədən, Gürcüstandan Qırğızıstana 493 milyon ABŞ dolları dəyərində 13 min 286 ədəd, Qazaxıstana 479 milyon ABŞ dolları dəyərində 31 min 354 ədəd, Ermənistana 255 milyon ABŞ dolları dəyərində 14 min 63 ədəd, Rusiyaya 67,1 milyon ABŞ dolları dəyərində 4 min 959 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 906 milyon ABŞ dolları dəyərində 79 min 887 ədəd avtomobil ixrac edib ki, bunun da 309 milyon ABŞ dolları dəyərində 30 min 452 ədədi Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan avtomobil tədarükünə çəkdiyi xərci 25 % artıb, onun miqdarı isə 22 % azalıb.